Xaricdən gətirilən mobil cihazların qeydiyyat sistemi asanlaşdırılıb

2014-cü ilin 1 noyabr tarixindən mobil cihazların qeydiyyat sistemi təkmilləşdirilərək vətəndaşlara daha rahat formatda və daha az vaxt ayırmaqla ölkəyə idxal etdikləri mobil telefonları, smartfonları, planşetləri və digər mobil qurğuları qeydiyyatdan keçirmək imkanı yaranıb.

Artıq göstərilən müddətdən başlayaraq ölkəyə idxal olunan mobil qurğular 24 saat müddətində qeydiyyatdan keçir. Bununla yanaşı tətbiq olunan yeni sistem istifadəçilərin vaxt sərfini də minimuma endirəcək. Belə ki, poçt şöbəsində artıq mobil qurğunun qeydiyyatı üçün ərizə şəxsiyyət vəsiqəsində olan fərdi məlumatlar elektron formatda oxunaraq avtomatik hazırlanır və ümumi olaraq vətəndaşın 2-3 dəqiqə vaxtını alır. Əvvəl isə ərizə əllə doldurulurdu və bu da vətəndaşların 10-15 dəqiqə vaxtını alırdı.

Yeni informasiya sisteminin tətbiqi nəticəsində artıq vətəndaşlar mobil telefonlarının IMEI kodunun qeydiyyatı haqqında SMS bildirişini faktiki olaraq qeydiyyatdan bir neçə dəqiqə sonra ala biləcək. Müstəsna hallarda bu proses maksimum 24 saat çəkə bilər.

Yeniliklərdən biri də IMEI kodun qeydiyyatının onlayn rejimdə həyata keçirilmə imkanıdır. www.e-gov.az portalı vasitəsilə hər bir vətəndaş internet vasitəsilə öz mobil qurğusunu qeydiyyatdan keçirə bilər. Bu vətəndaşların vaxtını qənaət edəcək. Yeni tətbiq edilən ödəniş də elektron formatda bank kartı vasitəsilə mümkündür.