DİN-in təyin etdiyi rüsum və cərimələrlə bağlı YENİLİK
Daxili İşlər Nazirliyinin “Rüsum və cərimələrin ödənişi” elektron xidmətinin “Elektron hökumət” portalı üzərindən göstərilməsinə başlanılıb. Lent.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, e-xidmət vasitəsilə istifadəçilər rüsum və cərimələrin ödənişini heç yerə getmədən, vaxt itirmədən onlayn qaydada həyata keçirə bilərlər. Sözügedən xidmətdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin seriyası/nömrəsi, VÖEN, sürücülük vəsiqəsinin seriyası/nömrəsi, sənədin nömrəsi, protokol seriyası/nömrəsi tələb olunur. Xidmətdən qeydiyyatdan keçmədən yararlanmaq mümkündür. Qeyd edək ki, hazırda “Elektron hökumət” portalında Daxili İşlər Nazirliyinin “Rüsum və cərimələrin ödənişi” xidməti ilə yanaşı, “FİN-ə görə fərdi məlumatların axtarışı” və “Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar” e-xidmətləri göstərilir. Yanvar ayının elektron xidmətlərdən istifadə statistikasına əsasən, nazirlik ən çox müraciət olunan qurumlar arasında 6-cı pillədədir.