“ASAN xidmət”ə yeni səlahiyyət verildi

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni səlahiyyət verilib.

Nazirlər Kabineti “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Qaydaları”nı təsdiq edib.

Bu Qayda Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin formalaşdırılması, aparılması, istifadəsi və mühafizəsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Elektron Reyestrin formalaşdırılmasını, aparılmasını, istifadəsini, mühafizəsini və bu istiqamətdə əlaqələndirməni təmin edən səlahiyyətli orqan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Reyestrin operatoru Elektron Reyestrin aparılması üzrə Elektron Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi, Elektron Reyestrlə bağlı metodiki, informasiya-linqvistik, proqram-texniki dəstəyin təmin edilməsi, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlər barədə məlumatların yoxlanıldıqdan sonra Elektron Reyestrə daxil edilməsinə və yenilənməsinə nəzarət, xidmətlərlə bağlı Elektron Reyestrə daxil edilmiş məlumatların monitorinqi və təhlillərin aparılması, xidmət sahələri üzrə standartların müəyyən edilməsi ilə bağlı təkliflərin verilməsi, yeni növ xidmətlərin yaradılması, həmçinin xidmətlərin birləşdirilməsi, ayrılması və digər üsullarla asanlaşdırılması (sadələşdirilməsi) barədə təkliflərin verilməsi, Elektron Reyestrə barəsində məlumat daxil edilmiş xidmətlər haqqında statistik məlumatların və analitik hesabatların hazırlanması, xidmətlərin elektron qaydada təşkili və həyata keçirilməsi üçün vacib olan informasiya sistem və ehtiyatlarının inteqrasiyasının təmin edilməsi ilə bağlı təkliflərin verilməsi, eyni məzmunlu xidmətlərin aradan qaldırılması ilə bağlı təkliflərin verilməsi, Elektron Reyestrə daxil edilmiş məlumatların arxivləşdirilməsi və saxlanılması, Elektron Reyestrin internet portalının yaradılması və aktuallığının təmin edilməsi funksiyalarını həyata keçirir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, bir ay müddətində göstərilən xidmətlərin Elektron Reyestrə daxil olunmasında iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi üçün zəruri tədbirlər görsünlər