Azərbaycanda şirkət yaratmaq sadələşdirildi

Azərbaycada şirkətlərin elektron qeydiyyatı və fərdi sahibkarların vergi qeydiyyatına alınması prosesi ciddi surətdə sadələşdirilib. Fins.az-ın məlumatına görə, Vergilər Nazirliyinin qərarı ilə “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentə dəyişikliklər edilib.
Bu dəyişikliklərə əsasən, yerli vətəndaşlar tərəfindən yaradılan MMC-lərin adi elektron dövlət qeydiyyatı müddəti 3 gündən 1 günə endirilib, MMS-lərin sürətli elektron qeydiyyatı isə 1 günü əvəzinə dərhal yerinə yetiriləcək.
Qeydiyyatla bağlı digər dəyişiklik tələb olunan sənədlərə aiddir. Yeni qaydalara görə, elektron qeydiyyat zamanı MMS-nin yaradılması barədə qərar tələb olunmayacaq. Nazirlikdən fins.az-a verilən məlumata görə, hüquqi şəxsi elektron qeydiyyatdan keçirmək istəyən şəxs tələb olunan məlumatları daxil etdikdən sonra həmin məlumatlar əsasında sistem özü təsis qərarı hazırlayır.
Nazirliyin qərarı ilə fərdi sahibkarların onlayn qeydiyyatı qaydaları da dəyişdirilib. “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentdə edilən dəyişikliyə əsasən, elektron qeydiyyat üçün müraciət etmiş fiziki şəxslərin onlayn qeydiyyatı dərhal həyata keçirilməlidir. Belə ki, fərdi sahibkarın e-qeydiyyatı İnternet Vergi İdarəsi Portalının “Onlayn kargüzarlıq və e-VHF” bölümü üzərindən aparılır.
Yeni qaydalara görə, fiziki şəxslərin müraciətindən sonra onların elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir.

Mənbə www.fins.az saytı