İlham Əliyev sərəncam verdi: bunu edənlər cərimələnəcək

Azərbaycan prezidenti İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 30 sentyabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

AzVision.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Qeyd edək ki, edilən dəyişikliklərə əsasən İnzibati Xətalar Məcəlləsinin 88-1-ci maddəsi aşağıdakı redaksiyada verilib:

“Maddə 88-1. Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi

88-1.1. Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -

fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

88-1.2. Bu Məcəllənin 88-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -

fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.”.

88-3-cü maddə üzrə isə müvafiq dəyişikliklər edilib:

3.1. dispozisiyasına “mühafizə zonalarındakı torpaq sahələri” sözlərindən sonra “, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar” sözləri əlavə edilsin;

3.2. sanksiyasında “altmış manatdan doxsan manatadək miqdarda” sözləri “min beş yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.

Mənbə: AzVision.az